Azərbaycan Kənd Təsərrüfatı və Qida Sənayesi İşçiləri Həmkarlar İttifaqı, gənclərin və qadınların həmkarlar ittifaqı strukturlarında fəal iştirakını təşviq edir, onların hüquqlarının müdafiəsi və potensiallarının inkişafı üçün müxtəlif tədbirlər həyata keçirir. Bu yanaşma həm işçilərin səsinin daha güclü çatdırılmasına, həm də kənd təsərrüfatı və qida sənayesində daha dayanıqlı gələcəyin qurulmasına xidmət edir.
Müasir müstəqil Azərbaycanda gənclər siyasətinin əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuşdur. 1993-cü ildə onun hakimiyyətə qayıdışından sonra gənc nəslə diqqət dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilmişdir. İmzalanmış bir çox sənədlər gənclər siyasətinin məqsəd, prinsiplərini və təşkilati-hüquqi əsaslarını müəyyənləşdirmişdir.
Bu siyasət cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilmiş, nəticədə Azərbaycan gəncləri bu gün ölkə həyatının bütün sahələrində fəal iştirak etməyə başlamışlar. Qəbul edilmiş 20-dən artıq qanun, strategiya, dövlət proqramı və digər normativ-hüquqi aktlar gənc nəslə dövlət qayğısının əsas mexanizmlərini formalaşdırmışdır.
Ölkəmizdə gənclərin inkişafı üçün Prezident Mükafatı, Azərbaycan Gənclər Fondu, “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsi kimi təşəbbüslər həyata keçirilmişdir. İttifaq da bu dövlət proqramları ilə paralel olaraq gənclərin beynəlxalq tədbirlərdə təmsil olunmasını, onların ideya və təşəbbüslərinin dəstəklənməsini təşviq edir. Beləliklə, kənd təsərrüfatı və qida sənayesində çalışan gənclərin həm hüquqlarının müdafiəsi, həm də sosial-iqtisadi inkişafı üçün mühüm imkanlar yaradılır.